Ölkəmizin üzərində daim domokl qılıncı kimi asılı qalan Qarabağ problemi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qətiyyəti və ordumuzun gücü sayəsində tarixin arxivinə göndərildikdən sonra xalqımız artıq özünün dinc quruculuq işlərini davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində Prezident İlham Əliyevin gərgin əməyini qeyd etmək yerinə düşərdi. Ölkə başçısı tez - tez işğaldan azad edilmiş ərazilərə baş çəkir, orada gedən quruculuq işlərlə yaxından tanış olur, özünün tapşırıq və tövsiyələrini verir. Eyni zamanda cənab İlham Əliyev ölkənin daxili və xarici siyasətini əhatə edən bir çox görüşlər keçirir, ölkə iqtisadiyyatına töhfələr verə biləcək addımlar atır. 01 sentyabr 2022 - ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev İtaliya respublikasına səfər etmişdir. İtaliyada yükək səviyyədə qarşılanan Prezident İlham Əliyev bu ölkənin başçısı ilə hər iki ölkəni maraqlandıran bir çox məsələlər barədə fikir mübadiləsi etmişlər. Məlumdur ki, İtaliya respublikası Azərbaycana dost olan ölkələr sırasındadır və bu münasibət 44 günlük Vətən müharibəsi zamanı da özünü parlaq şəkildə büruzə vermişdir. Ölkə başçılarının görüşü zamanı İlham Əliyev diqqəti bu məsələnin üzərinə yönəltmiş və göstərilən diqqətə görə İtalyanın dövlət başçısına minnətdarlığını ifadə etmişdir. Səfərin ikinci günü - sentyabr ayının 02-də ölkə başçısı İtaliyanın Çernobbio şəhərində The European House - Ambrosetti beyin mərkəzi tərəfindən təşkil olunan 48-ci Çernobbio Forumunda iştirak edib. Dünyanın ən nüfuzlu tədbirlərindən olan bu forumda Azərbaycan respublikasının prezidenti İlham Əliyevin çıxışı böyük əhəmiyyətə malikdir. Ölkə başçısı moderatorun sualına cavabında qeyd etdi ki, Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Ancaq təəssüflər olsun ki, beynəlxalq hüququn prinsiplərini qorumalı olan qurumlar bəzi hallarda bu prinsiplərin kobud şəkildə pozulmasına seyriçi münasibət bəsləyir və ya fəliyyətsiz qalırlar. Bu prinsiplərin kobud şəkildə pozulmasından əziyyət çəkən ölkələrdən biri də məhz Azərbaycandır. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın 20 faiz ərazisini işğal etmiş, BMT - nin Ermənistanın işğal etdiyi əraziləri qeyd - şərtsiz tərk etməsi haqqındakı 4 qətnaməsi yerinə yetirilməmiş, torpaqlarımız 30 ilə yaxın işğal altında saxlanılmışdır. Yalnız, Azərbaycan 2020 - ci ilin sentyabrında təkbaşına, öz gücü hesabına işğal altındakı torpaqlarını azad edərək BMT qətnamələrini yerinə yetirdi. Ümumiyyətlə, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra onun beynəlxalq müstəvidə nüfuzu günü - gündən artmaqda və dünya ölkələri tərəfindən ölkəmizin həyata keçirdiyi işlər təqdir edilməkdədir. Vətən müharibəsindən sonra ölkəmiz Cənubi Qafqazda sülhün bərqərar olması üçün çox ciddi səy göstərir və bu prosesin ən başlıca oyunçularından biridir. Prezident İlham Əliyevin The European House - Ambrosetti beyin mərkəzi tərəfindən təşkil olunan 48 - ci Çernobbio Forumuna xüsusi qonaq dəvət edilməsi Azərbaycanın və onun liderinin beynəlxalq nüfuzunun təzahürüdür. Bütün bunlara rəğmən , Azərbaycanın cənab İlham Əliyevin rəhbərliyi altında fəth edəcəyi ən yüksək zirvələr hələ qarşıdadır. Yaxın gələcəkdə Azərbaycan bölgənin və dünyanın güclü dövlətləri sırasında bərqərar olacaqdır. Şahnaz Məhərrəmova,Xocalı rayon gənci